Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Xalq Bank dövlət ipoteka proqramı çərçivəsində 1000-dən çox ailəyə ipoteka krediti verib. Bank ilk ipoteka kreditini 23 mart 2006-cu il tarixində vermişdi. Bankın AİF xətti ilə verilmiş ipoteka kreditlərinin ümumi həcmi 40 milyon manata yaxındır.
Bankdan Trend-ə verilən məlumata görə, hazırda Xalq Bank ipoteka kreditləşməsi sahəsində ölkədə aparıcı mövqeyini qoruyaraq bu istiqamətdə aktif fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Xalq Bank Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun fəaliyyət göstərməyə başladığı andan Fondun müvəkkil banklarından biridir.
Bundan əlavə, bank öz vəsaiti hesabına ipoteka kreditləri təklif edir. Bu proqramın əsas üstünlüyü ipoteka kreditinin maksimal məbləğinin - 200 min manat, müddətinin 25 il olması ilə yanaşı, həm də bu kreditin Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə aid olmasıdır.