Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Əliyev/
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda yeni fəaliyyət strategiyası aprelin sonunadək təsdiq olunacaq. Bunu Trend-ə AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn deyib.
Onun sözlərinə görə, aprelin 30-da Direktorlar Şurasının iclasının keçirilməsi gözlənilir: "İclasda strategiya layihəsi təsdiq olunacaq. Hazırda strategiya layihəsinin mətni istənilən şəxs üçün müzakirəyə açıqdır. Sonradan yekun variantı Direktorlar Şurasına təqdim etmək üçün 60 gün ərzində sənəd layihəsi üzrə rəy, şikayət və təklifləri bir araya toplayacağıq".
N.Makkeyn qeyd edib ki, sənəddə əks olunmuş məqsəd və vəzifələr olduqca iddialıdır: "Bununla belə, şübhə etmirik ki, bu məqsədləri vaxtında icra etmək olar və etmək lazımdır".
AYİB-in Azərbaycanda fəaliyyət strategiyası layihəsi 3 il müddətinə hesablanıb və 2014-2017-ci illəri əhatə edir.