Azərbaycan, Bakı, 13 mart /Trend, müxbirlər E.Əliyev, A.Axundov/
Azərbaycan tərəfindən avrobondların debüt yerləşdirilməsi investorlar üçün "benchmark"dır (gəlirlilik istiqaməti). Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib.
R.Aslanlı bildirib: "Bu yerləşdirmə kifayət qədər qaneedicidir. Bu, ölkə üçün maliyyə və vaxt baxımından olduqca sərfəli idi. Hesab edirəm ki, bu hadisə keyfiyyətli və ucuz resursların cəlb edilməsi üzrə Azərbaycan şirkətlərinin inkanlarını genişləndirir".
"Paşa Bank"ın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, suveren avrobondların buraxılışı Azərbaycan hökumətinin çoxdan gözlənilən addımıdır: "Bundan başqa, hökumət 1,25 milyard dollar cəlb edib, ən əsası odur ki, bizdə "benchmark" yaranıb. Bunadək ölkə gəlirliliyini qurmaq sadəcə olaraq qeyri-real idi, çünki "benchmark" yox idi. Hazırda Maliyyə Nazirliyinin avrobondlarını buraxması bizə başlanğıc nöqtəsi qoymağa imkan verəcək. Bununla da biz daxili korporativ və xarici bazarı qura biləcəyik".
Faiz dərəcəsinə gəlincə, T.Kazımov qeyd edib ki, debüt buraxılış üçün bu, çox cəlbedicidir.