Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Əliyev/
Avropa Yenidənqurma və İnkişaf Bankı istehsalın inkişafı üçün "Veysaloglu Group"a 9 milyon dollar həcmində kredit ayırıb. Bu barədə Trend cümə axşamı AYİB-in yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, bankın ayırdığı kredit 3 yeni şirniyyat xəttinin tətbiqi sayəsində şirkətin istehsal gücünü və məhsul çeşidini genişləndirməyə imkan verəcək. Bu da öz növbəsində "Veysaloglu Group"a daxili və xarici bazarlarda artan tələbatı ödəməyə kömək edəcək.
AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeynin sözlərinə görə, özəl sektora dəstək bankın Azərbaycanda prioritet fəaliyyəti olaraq qalır: "Biz "Veysaloglu Group"la əməkdaşlığı davam etdirməyə və istehsalı genişləndirməkdə, keyfiyyətin və istehsal edilən məhsulun rəqabətədavamlılığının artırılmasında, yeni iş yerlərinin açılmasında şirkətə kömək etmək imkanına görə şadıq".
Şirkət nümayəndəsi İlqar Nuriyevin sözlərinə görə, AYİB 2008-ci ildə şirkətin əvvəlki genişlənməsini artıq dəstəkləyib: "Bankın dəstəyi sayəsində ötən illər ərzində istehsal həcmlərini və əldə edilən gəlirləri iki dəfədən çox artıra bildik".
O, AYİB-ə köməyə görə təşəkkür edib və gələcəkdə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, AYİB 1991-ci ildən bu günədək Azərbaycanda 146 layihəyə təqribən 1,8 milyard avro ayırıb. Özəl sektora isə vəsaitlərin təxminən yarısı yönləndirilib.