Azərbaycan, Bakı, 6 avqust /Trend/
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin İranın Ticarət və Sənaye Palatasının sədr müavini Ələkbər Farizi ilə görüşündə iki ölkənin sahibkarlıq təşkilatları arasında işgüzar əlaqələrin təşkili zəruriyyətindən söhbət açılıb.
Milli Konfederasiyadan Trend-ə bildiriblər ki, həmçinin M.Musayev Azərbaycanla İran arasında qonşuluq və dostluq münasibətlərinin zəngin tarixə malik olduğunu qeyd edib. Konfederasiyasının prezidenti bu gün görüşün hər iki ölkənin iş adamları arasında əlaqələrə müsbət təsir edəcəyini, iranlı iş adamları ilə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında biznes əlaqələrinin yaranmasına konfederasiyanın dəstək verəcəyini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Azərbaycandakı səfirliyi arasında mövcud işgüzar əlaqələri yüksək dəyərləndirən İranın Ticarət və Sənaye Palatasının sədr müavini Ələkbər Farizi də iki ölkə arasındakı bu əlaqələri bundan sonra daha da zənginləşdirməyin zəruri olduğunu qeyd edib. Həmçinin qonaq İranda seçilən hökumətin xarici ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməyin zəruriliyinə də toxunub.
İranın Ticarət və Sənaye Palatasının sədr müavini Ələkbər Farizi bildirib ki, 7 avqust 2014-cü il tarixdə Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək Azərbaycan-İran Biznes Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər. Ə.Farizi qeyd edib ki, ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, İKT, konsaltinq və digər sektorları təmsil edən 50-yə yaxın İran şirkətinin ölkəmizə səfəri yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır. Onlar bilavasitə yerli iş adamları ilə qarşılıqlı əlaqələr yaratmaqda maraqlı olduqlarını dilə gətiriblər.
Görüşün sonunda İran tərəfinin razılğı ilə hər iki tərəfin nümayəndələrindən ibarət əməkdaşlıq şurasının yaradılması təklifi müsbət qiymətləndirilib.
İranlı qonaqlar ASK-nın prezidenti başda olmaqla azərbaycanlı nümayəndə heyəti ilə birgə cari ilin sentyabr -oktyabr aylarında İran bölgələrinə səfər etməyə dəvət ediblər. Həmin görüş zamanı iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin imzalanması reallığa çevrilə bilər.