Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Sumqayıta səfəri çərçivəsində "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, şirkət rəhbərliyinin nümayəndələri zavodun Mütləqləşdirilmiş izopropil spirti sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak edib. Qeyd olunub ki, ilin əvvəlindən fəaliyyəti dayandırılmış sahədə, demək olar, bütün qurğu və avadanlıqlar yenidən qurulub, yeni operator binası tikilib.
Bundan başqa, sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb. İstehsal prosesinə heç bir xələl gətirmədən aparılan yenidənqurma işləri texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilib, qurğularda izolyasiya və rəngləmə işləri aparıldıqdan sonra sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaradıb.