Azərbaycan, Bakı 3 oktyabr /Trend/
Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 100 milyon ABŞ dolları həddini aşıb.
1 oktyabr 2014-cü il tarixinə əsasən, bankın ümumi kredit portfeli 101 milyon dollar təşkil edib. Bu isə kredit portfelinin sürətli artması deməkdir. Belə ki, bu ilin əvvəlindən etibarən bankın kredit portfeli 2,4 dəfə və ya 138% artıb. 2013-cü ilin analoji müddəti ilə müqayisədə bu ilin 1 sentyabr tarixinə kredit portfeli 3 dəfə və ya 197% artıb.
ASC bundan sonra da kiçik və orta sahibkarlıq üzrə kredit portfelini artırmaqda davam etməyi, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini daha da gücləndirməyi planlaşdırır.
Bank VTB-nin (Azərbaycan) Kiçik və Orta Biznes İdarəsinin rəisi Bəhruz Camalov qeyd edib: "Bank VTB (Azərbaycan) bundan sonra kiçik və orta sahibkarlıq üzrə kredit portfelini daha da artırmaq niyyətindədir. Bankımız təkcə Bakıda deyil, həmçinin filial açmağı planlaşdırdığımız bütün regionlarda sahibkarlarla işi gücləndirməyi nəzərdə tutur".
Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib: "Ölkənin maliyyə bazarının təlabatını nəzərə alaraq, bankımız real sektorun layihələrinin maliyyələşdirməsi istiqamətində fəaliyyətini daha da aktivləşdirəcək. Bank VTB-nin (Azərbaycan) kredit portfelində real sektorun payının artırılması bankımızın inkişaf perspektivlərinin əsaslarından biridir".
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 9 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.