...

"Bank VTB" Azərbaycanda ilk regional filialını açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"Bank VTB" (Azərbaycan) bu il start verdiyi filial şəbəkəsinin sürətlə genişləndirilməsi üzrə strategiyasını uğurla reallaşdırmaqda davam edir.

Bankdan Trend-ə verilən məlumaat görə, noyabrın 28-də Bank VTB-nin (Azərbaycan) əhalisinin sayına görə ölkənin üçüncü böyük şəhərində müştərilərə yüksək keyfiyyətli bank xidmətləri göstərəcək "Sumqayıt" filialının təntənəli açılış mərasimi keçirilib. Bununla da Bank VTB (Azərbaycan) özünün sayca 13-cü filialını istifadəyə verib ki, bu, həm də bankın Bakıdan və Abşeron yarımadasından kənarda ilk filialıdır.

Bankın digər filialları kimi, "Sumqayıt" filialı da şəhərin müştərilər üçün rahat, mərkəzi hissəsində yerləşir. Yeni filial Sumqayıt şəhəri, 34-cü kvartal, 50.1 ünvanında fəaliyyətə başlayıb.

Tədbirin təntənəli açılış mərasimində Bank VTB (Azərbaycan) İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, VTB Qrupun və "AtaHoldinq"in təmsilçiləri, fəxri qonaq qismində Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Biz əminik ki, Bank VTB (Azərbaycan) Sumqayıt şəhərinin həyatında fəal iştirak edəcək. Biz filialı açmaqla son dövrdə sürətlə inkişaf edən Sumqayıtda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik. Bank VTB (Azərbaycan) bu ilin sonuna kimi filiallarının dinamik artırmaqda davam edəcək. Növbəti ildə filial şəbəkəsinin genişləndirilməsi zamanı ilk növbədə Rusiya tərəfdaşları ilə biznesin gücləndirilməsi üçün bank xidmətlərinə ehtiyac olan regionlar nəzərdən keçiriləcək. Bu, kənd təsərrüfatı və sənaye mallarının, habelə müxtəlif növ xam malın istehsalı və satışı ilə məşğul olan regionlar ola bilər".

Sumqayıt filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 13 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti