Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanın "Silk Way West" aviadaşıyıcısı Azərbaycanla Macarıstan arasında yükdaşımaların aylıq həcmini iki dəfə artırıb. Bu barədə Trend Macarıstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, yükdaşımaların artırılması Budapeştlə, eləcə də Uzaq Şərq ölkələri ilə Bakı arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə yardım edir.
Məlumatda deyilir: "Ötən ilin sonuna qədər aviaşirkət yükdaşımaların aylıq həcmini iki dəfə artırıb. Bu, yükgötürmə qabiliyyəti 113 tona çatan "Boeing-747" təyyarələrindən istifadə nəticəsində mümkün olub. Halbuki əvvəllər yüklərin daşınması üçün istifadə olunan "Boeing 767-300F" təyyarələrinin yükqaldırma qabiliyyəti 53 ton təşkil edirdi".
Budapeştdəki yük aeroportunun meneceri Yozef Koşutanın sözlərinə görə, Macarıstan tərəfinin "Silk Way West" şirkəti ilə bağlı gözləntiləri təsdiqlənib, çünki o, Mərkəzi Avropa regionunda kifayət qədər tez məşhurlaşıb: "Silk Way West-in həftədə iki reysi macarlarla ticarət üçün böyük imkanlar açır, həmin reyslər Macarıstan, Azərbaycan və Uzaq Şərq bazarları arasında sürətli əlaqəni təmin edir".
Öz növbəsində, Silk Way West-in vitse-prezidenti Nicat Babayev qeyd edib ki, şirkət özünün Macarıstanla fəaliyyətindən razıdır və ixrac və idxal əməliyyatlarının gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.