Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Maksim Tsurkov/
Serbiya Azərbaycan şirkətlərini Belqrad ətarında dairəvi avtomobil yolunun tikintisinə dəvət edir. Trend-in məlumatına əsasən, bunu Serbiyanın Baş naziri Aleksandr Vuçiç Bakıda Azərbaycan-Serbiya biznes-forumunda deyib.
A.Vuçiçin ölkəmizə səfəri çərçivəsində bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan iş adamları iştirak ediblər.
Qonaqları salamlayan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarınln qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını qeyd edib. Hazırda Azərbaycan şirkətləri Serbiyada, Serbiya kapitallı şirkətlər isə ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Azərbaycanın "Azvirt" şirkəti Serbiyada yol tikintisi ilə məşğul olur. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir.
Nazir hər iki tərəfin iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Təsadüfi deyil ki, Serbiyanın Baş naziri Azərbaycana səfər proqramına iş adamları ilə görüşü də daxil edib.
A.Vuçiç Azərbaycan və Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəsinin iqtisadiyyatı və iş adamları üçün yaradılmış imkanlar barədə məlumat verib. Serbiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan Baş nazir Azərbaycanın "AzVirt" şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyini qeyd edib, digər Azərbaycan şirkətlərini də tikinti, kənd təsərrüfatı, kimya və s. sahələrdə həyata keçirilən layihələrdə, Serbiyada aparılan özəlləşdirmə prosesində fəal iştiraka dəvət edib. Bundan başqa, ticarət dövriyyəsinin artırılması üçün də geniş potensial var. Baş nazir qeyd edib ki, ilin sonuna qədər Bakı-Belqrad aviareysi açıla bilər, bu isə turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir.
İşgüzar görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.