Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Azad Həsənli/
Azərbaycan və Rusiya arasında gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında danışıqlar sanksiyalar şəraitində xüsusilə aktualdır.
Trend-in "RİA Dağıstan"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsinin rəis müavini İdris Aziyev deyib.
Onun sözlərinə əsasən, hazırda meyvə və tərəvəzlərlə bağlı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında məsələ həll edilir: "Məsələ müsbət həllini tapsa və iki ölkənin gömrük prosedurları vahid şəklə salınsa, sahibkarların tranzaksiya yubanmaları iki dəfə azalacaq və ikitərəfli ticarət canlanacaq".
İ.Aziyev qeyd edib ki, Rusiya-Azərbaycan sərhədi vasitəsilə müəyyən malların daşınması zamanı gömrük prosedurlarının sadələşdirilməsi haqqında protokol qəbul edilsə, Azərbaycan məhsullarının Rusiya bazarına tədarükü xeyli artacaq: "Onların məhsulları digər tədarükçülərin məhsullarından iki dəfə ucuzdur".