Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Azad Həsənli/
"PAŞA Bank" ASC-nin İdarə Heyətində dəyişikliklər olub - Şirin Əliyeva və Aydın Atakişiyev İdarə Heyətinə yeni üzv təyin ediliblər.
Trend-in məlumatına əsasən, bu barədə bankın saytında yayılan xəbərdə deyilir.
Onların hər ikisi yeni vəzifələrinə mayın 22-dən etibarən təyin olunublar.
Ş.Əliyeva baş hüquq inzibatçısı, A.Atakişiyev isə baş strategiya inzibatçısı vəzifələrini tuturlar.
A.Atakişiyev peşə fəaliyyətinə 2002-ci ildə idman tədbirlərinin təşkilatçısı kimi başlayıb. 2006-cı ildə bank sektorunda kredit mütəxəssisi kimi çalışmağa başlayıb, 2007-2011-ci illərdə maliyyə analitiki və layihə meneceri kimi "PAŞA Holdinq" MMC-də işləyib. 2013-cü ildə "PAŞA Bank" ASC-də strateji marketinq şöbəsinin rəhbəri kimi çalışmağa başlayıb.
Ş.Əliyeva peşə fəaliyyətinə 2005-ci ildə neft-qaz sahəsində başlayıb. 2005-2007-ci illərdə "Nobel Oil Limited" şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Ş.Əliyeva karyerasını qızıl mədən sahəsində davam etdirərək "Azerbaijan International Mineral Resources Operating Company (AIMROC)" şirkətinin Hüquq xidmətinin rəhbəri olub. 2011-ci ildə maliyyə xidmətləri sektoruna qoşularaq "PAŞA Bank" ASC-də Hüquq Departamentinin Direktoru vəzifəsini tutub.