...

Azərbaycanın tanınmış metallurgiya şirkəti İranda sərmayə yatıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2015 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın tanınmış metallurgiya şirkəti "Baku Steel Company" İranda dəmir filizi və poladəritmə sahəsinə sərmayə yatıracaq. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasian deyib.

M.Kərbasian bildirib ki, bu gün Bakıya səfəri çərçivəsində Azərbaycanın bir çox rəsmiləri, o cümlədən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Baku Steel Company" və bir sıra digər özəl şirkətlərin rəhbərləri ilə görüşləri olub.

O, əlavə edib ki, Azərbaycanın "Baku Steel Company" şikrəti İranda poladəritmə sahəsində iki layihə ilə maraqlanır və bu şirkətin nümayəndələri yaxın vaxtlarda İrana səfər edəcək, danışıqlar aparacaq: "Azərbaycan və İran arasında son bir il ərzində əlaqələrin inkişafı davam edir. Biz çalışırıq ki, iki ölkə arasındakı əlaqələri sənaye sahəsində də inkişaf etdirək".

M.Kərbasian bildirib ki, tərəflər İranda və Azərbaycanda dəmir filizi və poladəritmə sahəsinə müştərək sərmayələrin yatırılması və əməkdaşlıq haqqında razılığa gəliblər: "Yaxın günlərdə Azərbaycandan iki nümayəndə heyəti İrana səfər edəcək. Bunlardan biri özəl şirkətlərin nümayəndələri, digəri isə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri olacaq və bu sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik".

Nazir müavini deyib ki, İran Azərbaycanda poladəritmə sahəsinin inkişafı üçün sərmayə yatırmaqda maraqlıdır və İranın Mədənlərin İnkişafı Təşkilatı bu sahədə danışıqları davam etdirir.

M.Kərbasian qeyd edib ki, bugünkü görüşlərdə, həmçinin Azərbaycanın İranın Çabahar, Qeşm və Araz azad iqtisadi zonalarında sərmayə yatırması məsələsi müzakirə olunub: "Azərbaycanlı investorlar Qeşm və Çabahar azad zonalarında sərmayə yatırmaqla öz istehsal etdikləri məhsulları dünya bazarlarına və azad sulara rahat çıxara bilərlər".

O bildirib ki, İran Azərbaycanla sənaye sahəsində əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti