...

Azərbaycan və İran Təbriz NEZ-in məhsullarını dünya bazarlarına çıxaracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2015 15:36 (UTC +04:00)
Azərbaycan və İran birgə müəssisə yaradaraq Təbriz neft emalı zavodunun məhsullarını dünya bazarlarına çıxaracaqlar.
Azərbaycan və İran Təbriz NEZ-in məhsullarını dünya bazarlarına çıxaracaqlar

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran birgə müəssisə yaradaraq Təbriz neft emalı zavodunun məhsullarını dünya bazarlarına çıxaracaqlar. Bunu Trend-ə Bakıda səfərdə olan İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündən sonra deyib.

İ.Cabbarzadə bildirib: "Təbrizdə neft emalı zavodu fəaliyyət göstərir və biz razılaşdıq ki, bu imkandan istifadə edərək zavodun istehsal etdiyi məhsulları birgə müəssisə yaratmaqla dünya bazarlarına çıxaraq. Bundan başqa, Rusiya və Orta Asiya bazarlarında fəaliyyət göstərmək üçün müştərək şirkət və müəssisələrin təsis edilməsi məsələsini müzakirə etdik".

O, həmçinin deyib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan və İran universitetləri arasında əməkdaşlığın inkişafı, tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların keçirilməsi, eləcə də iki ölkə arasında turizmin inkişafı məsələləri müzakirə edildi.

Qeyd edək ki, Təbriz neft emalı zavodu sutkalıq 115 min barel neft emal edir. Zavodda gündəlik 3,3 milyon litr benzin, 1,4 milyon litr kerosin, 6,6 milyon litr qaz-neft və 4,1 milyon litr mazut istehsal olunur. Zavodda, həmçinin gündəlik 600 min litr maye qaz (LPG) emal edilir.

Xatırladaq ki, İ.Cabbarzadənin Azərbaycana səfəri oktyabrın 19-da başlayıb. O, əvvəlcə Naxçıvanda olub, bu gün isə Bakıda bir sıra görüşlər keçirib. Əyalət başçısı sabah Gəncəyə gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti