...

Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsinin səbəbləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2015 14:54 (UTC +04:00)
Azərbaycanın əsas ticarət partnyoru olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə milli valyutaların məzənnəsinin kəskin azalması manata da təzyiqi artırırdı. Bunu Trend-ə iqtisadi ekspert Vüqar Bayramov deyib.
Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsinin səbəbləri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın əsas ticarət partnyoru olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə milli valyutaların məzənnəsinin kəskin azalması manata da təzyiqi artırırdı. Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

V.Bayramov hesab edir ki, Azərbaycan Mərkəzi Bankının üzən məzənnə siyasətinə keçməsinin səbəblərindən biri də xarici ticarət tərəfdaşlarımızda məzənnələrin aşağı düşməsi və eyni zamanda üzən valyuta rejminin tətbiq edilməsi ilə bağlıdır: "Manatın məzənnəsi müəyyənləşdirilən zaman Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı məzənnə nəzərə alındığı üçün, ona uyğun olaraq manatın real məzənnəsi müəyyənləşdirildi. Yəni, qonşu ölkələrdə baş verən valyuta dəyişikliklərinə Azərbaycan manatının uyğunlaşdırılması həyata keçirildi".

Ekspert bildirib ki, üzən məzənnə siyasətinə keçid Azərbaycanın ixrac olunan qeyri-neft məhsullarının rəqabətlilik qabiliyyətini artıracaq: "Sözsüz ki, üzən valyuta rejminin tətbiq edilməsi manatın yumşalması fonunda idxal olunan məhsulların qiymətini artırır, ancaq ixrac olunan məhsulların qiymətini azaldır. Çünki Azərbaycanda istehsal olunan və xarici ölkələrə göndərilən məhsulların dollar ifadəsində dəyəri azalır və bu da ixracın ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan üzən məzənnə siyasətinə keçidin əsas məqsədlərindən biri də məhz milli valyutanın ucuzlaşması nəticəsində ixrac potensialının artmasına nail olmaqdır".

V.Bayramov əlavə edib ki, manatın məzənnəsinin aşağı düşməsi nəticəsində süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərin keçirilməsinə ehtiyac var: "Bəzi hallarda manatın məzənnəsinin aşağı düşməsi həcmində qiymət artımı baş verir. Əslində, bu doğru deyil. Çünki idxal olunan məhsulların tərkibində elə xərclər var ki, manatla ifadə olunur. Məsələn, kommunal xidmətlər, əmək haqqı və s. Ona görə, o xərcləri də nəzərə almaqla qiymət artımlarının müəyyənləşdirilməsinə ehtiyac var. Amma süni qiymət artımı olacaq, hətta yerli məhsul istehsal edənlər də süni şəkildə qiymətləri artırmağa çalışacaqlar. Ona görə monitorinqlərin gücləndirilməsinə ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti