...

Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 23 milyard dollardan çox investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 14:42 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev britaniyalı həmkarı Fransis Modla görüşüb.
Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 23 milyard  dollardan çox investisiya yatırıb

Bakı. Trend:

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev britaniyalı həmkarı Fransis Modla görüşüb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 11-də Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev britaniyalı həmkarı, Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb.

Bildirilir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Ş.Mustafayev ölkələr arasında mövcud qanunvericilik bazasının iqtisadi əlaqələrin daha da inkişafına imkan yaratdığını diqqətə çatdırıb, hazırda Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini vurğulayıb. Britaniya sərmayəli şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərirlər. İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 23 milyard ABŞ dollarından çox investisiya yatırılıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclər Böyük Britaniya universitetlərində təhsil alırlar. Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan təşkilatlarının fəaliyyəti, o cümlədən 2009-cu ildə yaradılmış Britaniya-Azərbaycan Biznes Şurası, eləcə də iş adamlarının iştirakı ilə keçirilmiş biznes forumlar və investisiya sammiti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Görüşdə nazir Şahin Mustafayev investisiya, ticarət, sənaye, turizm, İKT, enerji, ekologiya və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Mod Hökumətlərarası Komissiyanın iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Görüş zamanı nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin siyahısını Fransis Moda təqdim edərək, bunun yolverilməz olduğunu, Böyük Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti