Bakı. Trend:
"Silk Way West Airlines" aviaşirkəti ilk dəfə olaraq Cənub-Şərqi Asiyaya birbaşa reyslər yerinə yetirməyə başlayıb.
Aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvafiq memorandumu Azərbaycanın yük aviadaşıyıcısı "Silk Way West Airlines" və Malayziyanın "MAB Kargo Sdn Bhd" şirkəti imzalayıb.
Müqaviləyə əsasən, şirkətlər dünyanın müxtəlif bölgələrində bir-birinin hava gəmiləri parklarından istifadə edəcəklər. Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Kuala Lumpur - Amsterdam marşrutu üzrə həftədə iki dəfə yerlərin ehtiyatda saxlanması haqqında müqavilə hər iki aviadaşıyıcı arasındakı strateji tərəfdaşlığı nəzərdə tutur.
Həftəlik reyslərin hər cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.
İmzalanma mərasimində çıxış edən "MAB Kargo" şirkətinin icraçı direktoru Əhməd Lukman Mohd Azmi qeyd edib: "Bizim Asiyada geniş şəbəkəmiz var və "Silk Way West" şirkəti bizimlə birlikdə öz üfüqlərini genişləndirə bilər. Belə ki, biz "Airbus A330-200F" yük hava gəmilərimizlə həm Asiya, həm də Avstraliya bazarlarına xidmət göstəririk. "Silk Way West" şirkəti isə "Boeing 747-800" yük hava gəmilərindən ibarət gənc təyyarə donanması ilə Avropada, Şimali və Cənubi Amerikada ən azı on beş təyinat məntəqəsi təklif edərək bizə qərb istiqamətinə çıxmaq imkanı yaradacaq".
"Silk Way West Airlines" şirkətinin icraçı direktoru Kamran Qasımov isə bildirib: "Yerlərin ehtiyatda saxlanmasına dair sazişə əsaslanaraq, bu tərəfdaşlıq hər iki aviaşirkətə öz qlobal şəbəkələri vasitəsilə bir-birinin texniki gücündən yararlanmaq imkan verəcək. Biz Cənub-Şərq regionunda öz şəbəkəmizi genişləndirməyə və dəyişən bazar tələbatını ödəməyə davam edəcəyik. Azərbaycan düzgün inkişaf yolundadır və dünya miqyaslı mükəmməl tranzit mərkəzinin fəaliyyəti üçün zəruri olan bütün komponentlər kompleksinə malikdir. Azərbaycanın inkişaf etmiş hava nəqliyyatı şəbəkəsi, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi istənilən istiqamətə istənilən yükün səmərəli daşınması üçün istifadə oluna bilər".
"Silk Way West Airlines" aviaşirkətinin 7L434 reys nömrəli ilk bortu Amsterdamdan təxminən 100 ton yüklə martın 17-də yerli vaxtla saat 16:30-da Kuala Lumpura enib. "MAB Kargo" əks istiqamətdə reys üçün Kuala Lumpur Beynəlxalq Hava Limanından Amsterdamın "Schiphol" Hava Limanına 80 tondan çox yükün daşınması sifarişi alıb.
Bununla da Malayziyanın paytaxtı yeni cədvəl üzrə dünyanın 19 ölkəsinə reyslər yerinə yetirən "Silk Way West Airlines" yük aviadaşıyıcısının Asiyaya 7-ci istiqaməti oldu. Qədim İpək Yolu marşrutunu təkrarlayaraq bu gün müasir avialaynerlər vasitəsilə Şərqi - Şanxay, Honq Konq, Almatı, Bişkek, həmçinin Seulu Avropa - İstanbul, Frankfurt, Milan, London, Kiyev və dünyanın digər əsas hava limanları ilə birləşdirən uçuşlar yerinə yetirilir.