...

İqtisadiyyat Nazirliyi pərakəndə ticarət şəbəkələrinin problemlərini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2016 15:54 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi supermarket sahiblərinin kənd təsərrüfatı məhsullarının satışı zamanı üzləşdikləri həmin məhsulların vergiyə mərhələli cəlb edilməsi probleminin həlli məsələsini nəzərdən keçirir.
İqtisadiyyat Nazirliyi pərakəndə ticarət şəbəkələrinin problemlərini öyrənir

Bakı. Azad Həsənli - Trend:

İqtisadiyyat Nazirliyi supermarket sahiblərinin kənd təsərrüfatı məhsullarının satışı zamanı üzləşdikləri həmin məhsulların vergiyə mərhələli cəlb edilməsi probleminin həlli məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda həmin sahibkarların problemlərinə qurum tərəfindən Vergilər Nazirliyi ilə birgə baxılır.

Xatırladaq ki, aprelin 18-də bəzi supermarket (Bizim Market, "Fresco", Səbət, Makromart, Araz, Neptun, Bolmart) sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlamışdı.

Trend-in daha əvvəl verdiyi məlumata görə, supermarket sahiblərinin müraciəti ilə əlaqədar Ş.Mustafayev həmin supermarket şəbəkələrinin nümayəndələrini qəbul edib, onların təkliflərini dinləyib və problemləri müzakirə edib.

Ölkənin iri supermarket şəbəkə rəhbərləri müraciətlərində qeyd edirlər ki, manatın üzən məzənnəyə keçməsindən sonra (21 dekabr 2015-ci il) məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.

Onların fikrincə, problemlərin həlli üçün pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədəuyğun olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti