...

Nazir müavini: Azərbaycanda bəzi supermarketlər dövriyyəni təqribən 40 dəfə azaldırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 11:53 (UTC +04:00)
Azərbaycanda bəzi iri supermarketlər dövriyyələrini təqribən 40 dəfə azaldırlar.
Nazir müavini: Azərbaycanda bəzi supermarketlər dövriyyəni təqribən 40 dəfə azaldırlar

Bakı. Trend:

Azərbaycanda bəzi iri supermarketlər dövriyyələrini təqribən 40 dəfə azaldırlar. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, supermarketlərin birində vergi yoxlamaları real dövriyyənin 35,4 dəfə, digərində 15,4 dəfə, başqa birində isə 19,3 dəfə azaldıldığını ortaya çıxardı.

Xatırladaq ki, aprelin 18-də bəzi supermarket (Bizim Market, "Fresco", Səbət, Makromart, Araz, Neptun, Bolmart) sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlamışdı.

Ölkənin iri supermarket şəbəkə rəhbərləri müraciətlərində qeyd edirlər ki, manatın üzən məzənnəyə keçməsindən sonra (21 dekabr 2015-ci il) məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.

Onların fikrincə, problemlərin həlli üçün pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədəuyğun olardı.

S.Ələkbərov əlavə edib: "Yerli və əcnəbi ekspertlər hesab edirlər ki, ölkədə ƏDV faiz dərəcəsi iqtisadi reallıqlara cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti