Bakı. Trend:
"Silk Way West Airlines" şirkəti Sinqapura birbaşa müntəzəm uçuşa başlayıb.
Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək.
"Silk Way West Airlines" şirkətinin əsas qərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətədavamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.
"Silk Way West Airlines" aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.