...

Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 milyon tona çata bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2016 15:00 (UTC +04:00)
Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 mln. tona çata bilər.
Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 milyon tona çata bilər

Bakı. Trend:

Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 mln. tona çata bilər. Bu barədə Trend-ə "ADY Express"dən məlumat verilib.

Qeyd olunur ki, Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq Şimal-Cənub Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb və "Vikinq" layihələrinin işləməsi üçün səylər göstərilir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Orta Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yükdaşıma dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlizinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır. TBNM vasitəsilə yükdaşımalar 12 gün ərzində həyata keçirilir və multi-modal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra minimum gündə 1 qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır.

Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istigamətində vacib addımlar atılır. Hazırda məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu yol istismara verildikdən sonra Azərbaycan ilk dəfə Avropaya dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur segmentləri yaradılır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yolu vasitəsilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar, artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq. Hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emal etmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən azad ticarət zonası da daxil olmaqla müasir liman kompleksi inşa edilir. Bu yeni xidmətlərin tətbiqi Azərbaycanda gələcəkdə gəlirlərin artmasını təmin edən amillərdəndir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tranzit dəhlizləri arasında mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. Şimal-Cənub Tranzit Dəhlizinin inkişaf perspektivi Rusiya və Skandinaviya ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan dövlətidir. Rusiya ilə Hindistan arasında illik ticarət dövriyyəsi 8.3 milyon ton (8 milyard avro), Rusiya və İran arasında - 4 milyon ton (1.3 milyard avro), Rusiya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında - 5.5 milyon ton (2.7 milyard avro) təşkil edir, Finlandiyanın isə Hindistan ilə illik ticarət dövriyyəsi 341 min ton (651 milyon avro), İran ilə - 10 min ton (41 milyon avro), Körfəz Ölkələri Əməkdaşlıq Şurası ilə - 1 milyon ton (1.6 milyard avro) təşkil edir və bu dövriyyələrin əsas hissəsi Hind okeanından Süveyş kanalı, Aralıq dənizi və Baltik dənizi vasitəsilə daşınmaqdadır. Şimal-Cənub Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda Azərbaycanla İran arasında yüklər avtomobillər vasitəsilə, dəhlizin digər hissələrində isə dəmir yolu ilə daşınır. Azərbaycan və İran dəmir yolları birləşdirildikdən sonra yükdaşımaların xərcləri daha da aşağı düşəcək və bu amil tranzit yüklərinin çoxalmasına xidmət edəcək.

Azərbaycanın tranzit potensialını artıracaq və digər nəqliyyat layihələri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub-Qərb nəqliyyat dəhlizi hesab olunur. Dəhliz İran körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi Avropa İttifaqı ölkələri ilə tticarət dövriyyəsini ildən–ilə genişləndirən Hindistan dövlətidir. Avropa İttifaqı ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94%-i Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsilə Avropa İttifaqına daşınır. Bundan əlavə, 2014-cü ilin statistik məlumatlarına əsasən, Aİ ölkələrinin İran və Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 207.1 milyard ABŞ dolları təşkil edib. Cənub-Qərb Tranzit Dəhlizi daşıma müddəti baxımından 50% qısa, tranzit qiyməti baxımından isə rəqabətə davamlıdır.

Məlumatda qeyd olunur ki, birləşmiş nəqliyyat qatarı "Vikinq" layihəsinin marşrutu Litva, Belarus və Ukrayna ərazisindən keçərək Baltik regionunun dəniz xətlərini Qara dəniz və Xəzər dənizinin analoji xətləri ilə birləşdirir. Layihənin əsas məqsədlərindən biri TRASEKA dəhlizi vasitəsilə Şimali Avropadan Mərkəzi Asiya, Çin, Əfqanıstan, Pakistan, Hindistan və İran körfəzi ölkələri istiqamətində əlavə yüklərin dəmir yolu ilə daşınmasına cəlb etməkdir.

2016-cı ilin 7 ayı ərzində təkcə dəmir yolu vasitəsilə 9 mln. tona yaxın yük daşındığını nəzərə alsaq, ilin sonuna qədər bu rəqəm 16 mln. tona çatacaq. 2014-cü ildə isə Azərbaycanda dəmir yolu vasitəsilə 21 mln. tona yaxın yük nəql edilib. Reallaşdırılan nəqliyyat dəhlizləri, tikintisi başa çatan nəqliyyat qovşaqları, yaradılan "hab"lar tam fəaliyyətə başladıqdan sonra Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 mln. tona çata bilər. Burada həm Azərbaycan dəmir yolları, həm Azərbaycan Dəniz Gəmiçiliyinin, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və tranzit yükdaşımalarda xidmət göstərən digər dövlət qurumlarının ümumi gəlirlərini hesablayanda (hər nəql ounan 1 ton yükə ümumən təxminən 50 ABŞ dolları) Azərbaycan dövlətinin qazancını (hər il təxminən 2,5 mlrd dollar) görmək çətin deyil.

Azərbaycanın apardığı regional ticarət siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, bu 4 marşrutun konkret coğrafi və yükdaşıma çərçivəsi olsa da, gələcəkdə onların arasında bəzi sinergiyalar yaradıla bilər. Onların hərəsi digərini tamamlayaraq, bu ticarət siyasətinin təməlində duran yükdaşımaların diversifikasiyasını təmin edə bilər. Azərbaycan ərazisindən keçən bu 4 tranzit dəhlizin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yükdaşımalarla bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti