...

Bakı Fond Birjasının repo əməliyyatlarında yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2016 16:57 (UTC +04:00)
Repo müddəti 30 gün, repo faiz dərəcəsi isə 11% olub.
Bakı Fond Birjasının repo əməliyyatlarında yenilik

Bakı. Trend:

Sentyabrın 21-də Bakı Fond Birjasının (BFB) ilk dəfə olaraq birja üzvü vasitəsilə qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılıb.

Birjadan Trend-ə verilən məlumata görə, repo müddəti 30 gün, repo faiz dərəcəsi isə 11% olub.

Əqd BFB-də market-meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlarla bağlanılıb.

Bu günə qədər repo əməliyyatları birja üzvləri vasitəsilə əsasən banklar arasında təşkil olurdu.

BFB-nin yenilənmiş REPO bazarı platforması əqdin tərəflərinə REPO aləti vasitəsilə minimum xərc və zaman xərcləyərək, məbləğindən asılı olmayaraq istənilən həcmdə qısamüddətli likvidliyi idarə etmək imkanı verir.

Hazırda BFB-də REPO əməliyyatlarının risksiz və effektiv icrası üçün müvafiq hüquqi və texniki imkanlar mövcuddur.

Qeyd edək ki, REPO aləti tərəflər arasında qiymətli kağızların alınıb və qısa müddətə geri satılmasını şərtləndirən sövdələşmədir.

Repo zamanı qısamüddətli pul vəsaitinə ehtiyacı olan tərəf ona məxsus qiymətli kağızlar müqabilində digər tərəfdən bu vəsaiti müəyyən müddətə və faiz şərtilə cəlb edir. Müddətin sonunda isə qiymətli kağızları öncədən razılaşdırılmış qiymətlə geri satın alır.

Qiymətli kağızların satışı və geri satın alınması arasındakı qiymət fərqi qarşı tərəfin gəlirliliyi qismində çıxış edir.

REPO zamanı qiymətli kağızlar təminat rolunda çıxış edir. Tərəflərdən biri öhdəliklərini yerinə yetirmədikdə, repo təminatı (predmeti) olan qiymətli kağızlar BFB-də açıq bazarda satışa çıxarılır. Əqdlərin effektiv icrasını təmin etmək məqsədilə BFB-də repo təminatı (predmeti) qismində dövlət qiymətli kağızları və likvidliyi təmin olunmuş korporativ istiqrazlar çıxış edir.

Repo üzrə borclanma girov müqabilində vəsaitlərin cəlb edilməsinə bənzəsə də, REPO təminatı olan qiymətli kağızlar girov hesab edilmir və əqdin bağlanılması prosesi BFB-nin təklif etdiyi mütərəqqi həllər sayəsində bir neçə saniyə ərzində tamamlanır.

Repo üzrə vəsaitlərin cəlb edilməsi şərtləri (müddət, faiz dərəcəsi) elektron platforma üzərindən rəqabətli mühitdə baş verdiyindən, bu maliyyə aləti tərəflərə daha şəffaf və optimal şərtlərə qısamüddətli likvidliyini idarə etmək imkanı yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti