Bakı. Trend:
Bu gün Bakıda Azərbaycanla Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Dövlət Xidmətinin rəisi Elnur Abdullayev, Gürcüstan nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycanla Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq protokol imzalanıb.
Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ İcazə blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yük daşımaları üçün tələb olunan İcazələrin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.