Bakı. Trend:
Prezident İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sərəncamda deyilir ki, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.