Bakı. Trend:
Azərbaycan qeyri-neft ixracını artırmaq niyyətindədir.
Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi 2023" forumu çərçivəsində "Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu" panel müzakirəsində deyib.
O, 2022-ci ildə Azərbaycanın qeyri-neft sektorunda ixracının üç milyard ABŞ dollarını ötdüyünü qeyd edib.
"Bu mühüm nailiyyət çoxçeşidli iqtisadiyyatın inkişafı istiqamətində səylərimizin parlaq nümunəsidir. Eyni zamanda bu göstəricinin artırılmasına yönəlmiş fəaliyyətimizi davam etdiririk", - nazir müavini deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft məhsullarının rəqabət qabiliyyəti üçün hüquqi rejimlərin nəzərdən keçirilməsi, müxtəlif ölkələr, sərbəst bazarlarla preferensial ticarət sazişlərinin imzalanması üzrə danışıqlar aparılır.
Xatırladaq ki, 2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1204-dək, kənd təsərrüfatı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-dək artıb.
Qeyd edək ki, 2018-2022-ci illərdə ölkəmizin qeyri-neft ixracı həm faktiki qiymətlərdə, həm də real ifadədə 1,72 milyard dollardan 3,05 milyard dollaradək artıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)