...

Bakı şəhər İcra hakimiyyətinin şəhərdaxili sərnişindaşıma xidmətində qiymətlərin iki dəfə artırılması təklifi rədd edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 20:35 (UTC +04:00)

2006-cı ilin fevralın 3-də Azərbaycanın Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə Tarif (qiymət) Şurasının katibliyindən bildirilirb. İclasda şəhərdaxili sərnişindaşıma xidmətinin tariflərinin artırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin və bəzi təsərrüfat subyektlərinin təkliflərinə baxılıb. Müraciətdə dizel yanacağının qiymətinin dəyişdirilməsi ilə əlaqədar olaraq şəhərdaxili avtobus marşrutlarında sərnişin daşınmasının maya dəyərinin artması əsas gətirilərək tariflərin iki dəfə artırılması təklif olunub.

Tarif Şurası tərəfindən aparılmış təhlillər göstərib ki, təqdim olunmuş materiallar şəhərdaxili sərnişindaşıma xitdmətinin tariflərinə baxılması və təkliflərin qəbul edilməsi üçün kifayət deyil. Aparılan geniş müzakirələrdən sonra şəhərdaxili sərnişindaşıma xidməti tariflərinin artırılması ilə bağlı təklifin hazırda qəbul olunması məqsədəuyğun hesab edilməyib.

Tarif Şurasının üzvləri bu məsələnin ətraflı və kompleks şəkildə öyrənilməsi üçün monitorinqin keçirilməsi və nəticələr barədə hesabatın Şuranın müzakirəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul edib. İclasda şəhərdaxili sərnişindaşıma xitdmətinin yüksəldilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə AR Nazirlər Kabinetinə müraciət göndərilməsi də qərara alınıb.

Xəbər lenti

Xəbər lenti