...

Azərbaycan Estoniyanın gömrük sahəsindəki təcrübəsilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 15:33 (UTC +04:00)

Prezident Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK) və BMT İP nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Estoniyaya - gömrük və vergilər departamentinə işgüzar səfər edib. Səfər avqustun 7-dən 14-dək Azərbaycanın gömrük sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri, BMT İP-in Hüquq-Mühafizə Orqanları ilə İş üzrə şöbənin rəhbəri Məzahir Əfəndiyevin Trend ə verdiyi məlumata əsasən, səfər səmərəli keçib.

DGK-nin sədr müavini Əsgər Abdullayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir həftə ərzində Estoniyanın gömrük sistemilə tanış olub, müasir gömrük prosedurlarının tədbiq olunduğu Muuqa limanına baş çəkib.

Səfər çərçivəsində Estoniyanın Gömrük və Vergilər Departamentinin baş direktoru Enriko Aav ilə də görüş keçirilib. Söhbət zamanı departamentin rəhbəri qeyd edib ki, gömrük sahəsinin təkmilləşdirilməsi üzrə Azərbaycanın böyük potensialı var və onun ölkəsi həmişə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

M.Əfəndiyev deyib ki, səfərin əsas məqsədi Estoniyanın gömrük məcəlləsinin öyrənilməsidir. Bu ölkə artıq 2 ildir ki, Avropa Birliyinin üzvüdür və gömrük prosedurlarını AB-nin qayda və prinsiplərinə müvafiq olaraq həyata keçirir.

"Bu gün Azərbaycanda yeni gömrük məcəlləsi hazırlanır. Burada əsas məsələ Estoniyanın gömrük qanunvericiliyinin bəzi bəndlərini öyrənib bunları Azərbaycanın özünəməxsusluğunu nəzərə alaraq yeni məcəlləyə tədbiq etməkdir" - deyə layihənin rəhbəri vurğulayıb.

Yaxın vaxtlarda Azərbaycan mütəxəssislərinin eyni məqsədlə başqa ölkələrə də səfər etməsi istisna deyil.

Avropa Komissiyası və BMT İP-nin vəsaitləri hesabına maliyyələşdirilən bir illik layihə 2006-cı ilin yanvarında başlanıb. 900 min avroluq layihənin məqsədi DGK-ya gömrük sahəsində qanunverici bazanın təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması, DGK-nın informasiya texnologiyalarının inkişaf strategiyasının təkmilləşdirilməsi və gerçəkləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti