Seçki Məcəlləsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmaması Azərbaycanla Avropa Şurasının Venesiya Komissiyası arasında münasibətlərə xələl gətirə biləcək faktora çevrilməyəcək. Bu barədə Trend ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Seçki Məcəlləsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılmayacağı ilə bağlı fikir bildirib. Bəzi siyasi çevrələr Seçki Məcəlləsinin müzakirəsinin gecikdirilməsini rəsmi Bakı ilə Venesiya Komissiyası arasında gərginliyin yaranacağı ilə əlaqələndirib.
B.Muradova isə bildirib ki, Azərbaycan hər zaman Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlığa üstünlük verib: "Qanunlarımızın təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində rəsmi Bakı Avropa Şurasının tövsiyyələrinə hər zaman hörmətlə yanaşıb". Vitse-spiker bildirib ki, hansısa sənədə əlavə və dəyişikliklərin edilməsi zamanın yetişməsindən asılıdır.