"Dünyanın ən yaxşı bankları" (TheWorld's Best Banks) illik reytinqində "Global Finance" dərgisi Azərbaycan Beynəlxalq Bankını (ABB) Azərbaycanın ən yaxşı bankı adlandırıb. Dərginin yaydığı məlumata istinadən Trend xəbər verir ki, Qafqaz ölkələrində ən yaxşı bank "TBC BANK" (Gürcüstan) hesab olunur. "Global Finance"ın reytinqinə əsasən, "Vneştorqbank" (Rusiya), "Kazkommerztsbank" (Qazaxıstan), "Demir Kyrgyz International Bank" (Qırğızıstan) MDB ölkələrində ən yaxşı banklardır.
Bankın mənfəətliliyi, onun strateji əlaqələri, yeni xidmətlərin tətbiqi "Global Finance" mütəxəssislərinin seçim zamanı istifadə etdikləri əsas amillərdir.
2006-cı ilin birinci yarısında ABB-nin mənfəəti 68,4% artaraq 16,914 mln. AZN təşkil edib. Bankın gəlirləri isə 81,266 mln. AZN-ə çatıb. Keçən ilin analoji dövründə bu rəqəm 55,742 mln. AZN səviyyəsində olub. İyulun 1-nə ABB-nin aktivləri 46,5% artaraq 1333,167 mln.AZN təşkil edib. Keçən ilin analoji dövrü ərzində isə bu rəqəm 909,972 mln. AZN səviyyəsində olub. 2001-ci ilin sonunda ABB-nin aktivləri 333,591 mln. AZN təşkil edib. Hesabat dövrü ərzində bankın kredit portfeli 746,161 mln. AZN, hüquqi və fiziki şəxslərin ümumi depozit həcmi isə 1164,011 mln. AZN (fiziki şəxslərin 224,956 mln. AZN məbləğində əmanətləri daxil olmaqla) təşkil edib. Bankın depozit portfeli 2001-ci ilin sonunda 313,677 mln.AZN olub.