Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2006-2010-cu illərdə standartlaşdırma sahəsində inkişaf planı hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 23-də Agentliyin baş direktoru Ramiz Həsənov məlumat verib.
Onun sözlərinə görə, plan artıq müvafiq nazirliklərə təqdim olunub və bu strukturların bir neçəsi rəy verib. Bu rəylər əsasında proqrama əlavə və dəyişikliklər edilib.
"İlin sonunadək biz sənədi Nazirlər Kabinetinə təqdim etmək niyyətindəyik və ümid edirik ki, proqram qısa müddətdə təsdiqlənəcək" - deyə R.Həsənov vurğulayıb.
Bu sahədə qanun pozuntularının aşkar olunduğu halda cəza tədbirlərinin sərtləşdirilməsi məsələsinə gəlincə, Dövlət Agentliyinin rəhbəri bildirib ki, bu istiqamətdə də müvafiq iş aparılıb. Bu məsələ üzrə hazırlanmış təkliflər ilin sonunadək müvafiq orqanların müzakirəsinə təqdim olunacaq.