...

Antiinhisar Dövlət Xidməti ölkənin avtomobil bazarında monitorinqlər keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti ölkənin avtomobil bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinin fəaliyyətinin antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə monitorinqlərə başlayıb. Bu barədə çərşənbə günü İİN-in məlumatında göstərilib.

Monitorinqlər avtomobillərin satışı və onlara texniki xidmət sahəsində fəaliyyət göstərən müəssisələri əhatə edir. Araşdırmalar zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, satış salonlarında avtomobillərin üzərində qiymət göstəriciləri barədə məlumatların olmadığı, istehlak xassələri, istismar qaydaları, təminat öhdəlikləri və istehlakçılara təqdim edilən zəmanət kitabçalarının Azərbaycan dilində tərtib edilməməsi kimi faktlar aşkarlanıb.

Eyni zamanda, avtomobilə verilən zəmanət şərtlərinin istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş şərtlərə uyğunlaşdırılmaması halları da müəyyən edilib. İstehsalçı müəssisələr avtomobillərin konkret müddət üçün tam zəmanətini təmin etdiyi halda, yerli müəssisələr tərəfindən avtomobillərin yalnız müəyyən hissələrinə (mühərrik, arxa körpü, ötürülmə qutusu və s.) zəmanət verilir. Bununla yanaşı, istehlakçıların seçim hüquqları məhdudlaşdırılır, onlar müxtəlif üsullarla avtomobillərin ehtiyat hissələrini məhz bu şirkətlərə məxsus məntəqələrdən almağa sövq edilirlər. Bunlar isə, antiinhisar qanunvericiliyinə ziddir. Bu halların aradan qaldırılması üçün Antiinhisar Dövlət Xidməti tərəfindən qanunvericiliyə müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti