...

Prezident İlham Əliyev: Azərbaycanın tezliklə Avropa İttifaqı bazarlarına enerji daşıyıcılarını birbaşa çıxaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2007 17:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın tezliklə Avropa İttifaqı bazarlarına enerji daşıyıcılarını birbaşa çıxaracaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə çərşənbə günü Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident Əliyev ilin birinci yarısında ölkəmizdə ümumi daxili məhsulun 35 faiz, son üç ildə isə təxminən iki dəfə artdığını bildirib.

Azərbaycan iqtisadiyyatında bu ilin altı ayında sənayedə 35 faiz, kənd təsərrüfatında 5 faiz, əhalinin pul gəlirlərində 37 faiz, əmək haqlarında isə 26 faiz artım olub.

2003-cü ilin oktyabrından indiyədək 572 min, o cümlədən 405 min daimi yeni iş yeri yaradılıb.

Prezidentin sözlərinə görə, cari ilin birinci yarısında yoxsulluğun səviyyəsi əsaslı şəkildə aşağı düşüb. Dövlət başçısı əhalinin banklarda əmanətlərinin nəzərəçarpacaq dərəcədə artmasını çox müsbət hal kimi dəyərləndirib.

Ötən altı ayda 16 faiz təşkil edən inflyasiyaya təkan verən subyektiv amilləri göstərən prezident ölkədə əldə edilən uğurlardan sui-istifadə edən möhtəkirlərə qarşı mübarizənin və antiinflyasiya tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident Əliyev büdcə xərclərinin məqsədyönlü xərclənməsi və şəffaflığın tam təmin edilməsinə maksimum diqqət yetirməyi tapşıraraq bu baxımdan Azərbaycan Dövlət Neft Fondunun zəngin təcrübəsindən bəhrələnməyi tövsiyə edib.

Dövlət başçısı şəhid ailələrinin, pensiyaçıların, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin daha da gücləndiriləcəyini, maaşların mütəmadi artırılacağını bildirib.

Ölkəmizin valyuta ehtiyatının 5 milyard 100 milyon dolları ötdüyünü bildirən prezident Azərbaycanın tezliklə Avropa İttifaqı bazarlarına enerji daşıyıcılarını birbaşa çıxaracağını vurğulayıb.

Bu ilin sonunadək ölkəmizdə çadır şəhərcikləri tam ləğv ediləcək, ekoloji problemlərin həlli, bütün sahələrdə yenidənqurma tədbirləri daha da genişləndiriləcək.

Prezidentin sözlərinə görə, yaxın zamanlarda öz keyfiyyət və kəmiyyətinə görə 2007-ci ilin büdcəsindən fərqlənəcək 2008-ci ilin büdcəsi hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti