...

AtaLizinq I yarımil üçün maliyyə nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ "AtaLizinq" ASC 2007-ci ilin ilk 6 ayı üçün nəticələri açıqlayıb. 30 iyun 2007-ci il tarixinə cəmiyyət büdcə proqnozunda nəzərdə tutulmuş 50,424.6 AZN-ə qarşı 75,317.1 AZN mənfəət əldə edib. Şirkətdən bildiriblər ki, büdcənin icrası 149,4% yerinə yetirilib. 6 ay üçün cəmiyyətin mənfəət göstəriciləri aşağıdakı kimidir: ümumi gəlir - 278,650.8 AZN, ümumi xərclər 203,333.8 AZN, xalis mənfəət 75,317.1 AZN, mənfəətin kapitala nisbəti (ROE) 14,6%, mənfəətin aktivlərə olan nisbəti (ROA) 3,1% olub.

Bu dövr ərzində səhmdar cəmiyyət 35 lizinq müqaviləsi imzalanmışdır ki, bu müqavilələr üzrə "AtaLizinq" ASC tərəfindən maliyyələşdirilən məbləğ 2,060 min AZN təşkil edib.

Ümumilikdə ilin əvvəlindən lizinq portfeli 993 min AZN həcmində artaraq 30 iyun 2007-ci il tarixinə 2.286.266 manat təşkil edib.

Regionlar üzrə portfelin 83%-i Bakı şəhərinin, 17 %-ni isə - Sumqayıt (10%), Mingəçevir (4%), Yardımlı (1%), Ağstafa (1%), Bərdə (1%), İsmayıllı (0,5%) və digər rayonların payına düşüb.

Lizinqə verilmiş avadanlıqların tərkibində xüsusi texnika, nəqliyyat vasitələri və inşaat texnikası üstünlük təşkil edir. Sahələr üzrə lizinq portfelinin göstəriciləri nəqliyyat sektoru üzrə 14%, sənaye istehsalı üzrə 17%, beton satışı üzrə 12%, yol infrastrukturu üzrə 11%, inşaat sektoru üzrə 13%, yeyinti sənayesi üzrə 9%, kommunal təsərrüfat üzrə 8%, ticarət sektoru üzrə 7%, ev tikintisi üzrə 5%, digər sektorlar üzrə 4%-dir.

Cəmiyyət növbəti yarım il üçün fəaliyyətini daha da genişləndirərək yeni lizinq layihələri həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti