Azərbaycan, Bakı / Trend / Cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələlri üzrə müşaviri Deniel Sallivanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Babayevin bildirib ki, bu gün Azərbaycanda iqtisadi yüksəliş müşahidə olunur. 2006-cı ildə Azərbaycan iqtisadiyyatına 7,6 mlrd. həcmində investisiyalar yatırılıb. 2007-ci ilin ilk yarısında isə müvafiq rəqəm 3,1 mlrd. dollar təşkil edib. Babayev həmçinin Azərbaycanın ABŞ-la əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə qeyri-neft sektorunun inkişafı, iki ölkə biznesmenləri arasında əlaqələrin genişləndirilməsi, habelə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı məsələlər müzakirə olunub.
Öz növbəsində Sallivan ABŞ-ın iki ölkə arasında əlaqələrin inkişafına yardım göstərməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iştirak edib.