...

İsveçrə Azərbaycan qazını almaq niyyətindədir – səfir

Energetika Materials 6 May 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir S.Ağayeva/ İsveçrə Azərbaycan qazının alınmasında maraqlıdır. İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşen mayın 10-13-də Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə bu mövzuda danışıqlar aparmaq niyyətindədir. Bu barədə Trend -a Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

Səfir qeyd edib ki, İsveçrə gələcəkdə özünün enerji təhlükəsizliyinin təmin edilməsi üçün enerji ehtiyatlarının diversifikasiyasının müxtəlif variantlarını nəzərdən keçirir. Diversifikasiya yollarından biri Yunanıstandan Albaniya ərazisi vasitəsilə İtaliyaya keçəcək Transadriatik qaz kəməri (Trans Adriatic Pipeline (TAP)) layihəsidir. Hökumət Mərkəzi Asiya və Xəzər regionunda qazın alınmasında və sonra onu Türkiyə, Albaniya, digər ölkələr vasitəsilə İsveçrəyə nəql etməkdə maraqlıdır.

İsveçrənin EGL şirkəti Norveçin StatoilHydro şirkəti ilə birlikdə bu boru kəmərini inkişaf etdirəcək, tikəcək və paritet əsasında ona sahib olacaq. Qaz kəmərinin tikintisinə 2009-cu ilin ikinci yarısında başlamaq nəzərdə tutulur. Bu boru kəməri ilə ilk qazın 2012-ci ildə tədarük edilməsi nəzərdə tutulur. TAP-ın buraxıcı gücü ildə 10 mlrd. kubmetr təşkil edəcək və 20 mlrd. kubmetrədək genişləndirilməsi mümkün olacaq.

İsveçrə artıq İranla qazın alınmasına dair danışıqlar aparıb. Hazırda bu məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə hazırlaşır.

Bu məsələ iki ölkə prezidentinin bu ilin yanvarında, Davosda keçirilən Ümumdünya İqtisasdi Forumunda iştirakı çərçivəsində görüşləri zamanı və bundan bir qədər əvvəl, İsveçrənin energetika nazirinin Azərbaycana səfəri zamanı qaldırılıb. "İsverçə Azərbaycan qazının alınmasında maraqlı olduğunu bildirib. Məsələ daha təfərrüatı ilə prezident Kuşpenin Bakıya səfəri zamanı müzakirə ediləcək", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti