...

"KazMunayqaz" "Kaşağan" layihəsindəki payını artırıb

Energetika Materials 31 Oktyabr 2008 18:51 (UTC +04:00)

Qazaxıstan, Astana, 31 oktyabr/ Trend , müxbir K.Konırova/ KazMunayqaz" şirkətinin "Kaşağan" layihəsindəki iştirak payı 8,33 faizdən 16,81 faizədək artıb. Şimali Xəzər Konsorsimu səhmdarlarının məhsulun bölünməsi haqqında PSA (Production Sharing Agreement)  sazişindəki payı isə belədir:  ENI, ExxonMobil, Shell və Total - hər biri 16,81 faiz iştirak, ConocoPhillips - 8,4 faiz, Inpex - 7,56 faiz. Bu barədə ENİ şirkətinin cümə günü yayılan məlumatında bildirilir.

Sənəddə bildirilir ki, səhmdarlar və səlahiyyətli orqan "Kaşağan" layihəsinin miqyası və çətinliklərini nəzərə almaqla, öz güc və ehtiyatlarını birləşdirmək və layihənin realizəsini aşağıdakı şəkildə həyata keçirməyi qərara alıblar:

- ENİ yatağın təcrübə-sənaye işlənilməsi proqramının (Mərhələ -1) realizəsinə görə məsuliyyət ENİ - də qalır;

- Mərhələ - 2-də layihənin idarə edilməsinə görə cavabdehlik səhmdarlar arasında aşağıdakı şəkildə bölünüb: - Shell - dəniz kompleksi, ENİ - yerüstü zavod, ExxonMobil - qazma.

Mərhələ - 1 başladıqdan sonra, istehsalat əməliyyatlarının rəhbərliyi, "KazMunayqaz"ın rolu tədricən artırılmaqla, Shell şirkətinin üzərinə qoyulacaq.

ENİ, Shell və ExxonMobil şirkətlərinə, üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün personalın təchiz edilməsi, satınalmalar, əməliyyat prosedurları məsələlərində şəxsi idarəetmə sistemlərinin tətbiqi ilə səlahiyyətlər verilir.

Yeni birgə əməliyyat şirkətinin tərkibinə layihədəki paylarına müvafiq olaraq, Konsorsiumun bütün səhmdarları daxil olub. North Caspian Operating birgə əməliyyat şirkəti layihənin vahid operatoru Agip KCO - nun yerinə yetirdiyi funksiyaları öz üzərinə götürür.

North Caspian Operating funksiyalarına layihə üzrə bütün işlərə nəzarətin həyata keçirilməsi, kollektorun planlaşdırılması, uzlaşdırılması, modelləşdirilməsinə rəhbərlik, konseptual araşdırmaların aparılması, yatağın ilkin işlənilməsi planlarının tərtibi və bütün müəssisə adından dövlət orqanları ilə qarşılıqlı əlaqələr daxildir.

Yeni əməliyyat şirkətinin idarəçi direktoru vəzifəsinə təyinatlar növbəlilik prinsipi üzrə tərəfdaş-şirkətlər tərəfindən həyata keçiriləcək və ilkin olaraq bu vəzifəni Total şirkətinin nümayəndəsi, idarəçi direktorun müavini vəzifəsini "KazMunayqaz"ın nümayəndəsi tutacaq. North Caspian Operating-də bütün tərəfdaş şirkətlərin nümayəndələri iştirak edəcək, şirkətə rəhbərlik Total şirkətinin idarəetmə sisteminin müddəalarına müvafiq olaraq həyata keçiriləcək.

İşlənilmə mərhələsində olan keçid dövrü planına əsasən, operator funksiyasının Agip KCO - dan North Caspian Operating şirkətinə verilməsi 2009 - cu ilin yanvarında baş tutacaq.

Mərhələ -1 çərçivəsində hasilatın başlaması 2012-ci ilin sonuna nəzərdə tutulub. Mərhələ-1-də (1 və 2-ci növbə) maksimal sabit hasilat səviyyəsi, qazın vurulması nəzərə alınmaqla, sutkada 300 min barel təşkil edəcək, sonra isə, sutkada 450 min barelədək artırılacaq. "Kaşağan" yatağının tammiqyaslı mənimsənilməsi məsələsində maksimal sabit hasilat səviyyəsi sutkada 1,5 mln. barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti