Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir E.İsmayılov/
ARDNŞ "Kürsəngi" quru yatağının şimal hissəsinin modelini yaradıb, bu barədə ARDNŞ-dəki mənbədən bildirilib.
"Yatağın modeli yaradılıb və sifarişçiyə təqdim edilib", - mənbə bildirib. Sifarişçi qismində Salyan Oil əməliyyat şirkəti çıxış edir. Sözügedən şirkət "Kürsəngi-Qarabağlı" müqavilə sahəsini işlədir.
Mənbənin bildirdiyi kimi, görülən işlərin əsas məqsədi yeni quyuların yeri barədə tövsiyələrin verilməsidir. Yataqda mövcud olan köhnə quyuların reabilitasiyası üzrə tövsiyələr təqdim olunub. Modelin yaradılması nəticəsində 30-dan çox yeni quyunun qazılması barədə tövsiyələr verilib. Yataqda qalıq ehtiyatların həcmini mənbə açıqlamayıb.
Əvvəlcə ARDNŞ "Kürsəngi" yatağının cənub hissəsinin modelləşdirilməsi üzrə işləri başa çatdırıb. Yataqda yeni quyuların təməli haqqında proqnozlar təqdim edilib. Müqavilə sahəsində ümumilikdə 80 quyu qazılıb. Yatağın proqnozlaşdırılan ehtiyat göstəricisi ilə ilkin proqnoz arasında elə də böyük fərq olmayıb. Əvvəlki proqnoz göstəricisi 18 milyon tona bərabər olub.
Yataq Salyan rayonunda yerləşir. ARDNŞ-in mütəxəssislərinə görə, müqavilə sahəsində qalan neft ehtiyatı 152 milyon ton təşkil edir.
"Kürsəngi-Qarabağlı" quru yatağının işlənməsi üzrə müqavilənin müddəti 25 ildir. Layihənin səhmdarları bunlardır: ARDNŞ - 50 faiz, 25 faizə malik iki Çin şirkəti - China National Oil & Gas Exploration and Development Corp. (CNODC) və CNPC (Hong Kong) Ltd. (CNPCHK).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]