...

ARDNŞ yanvar-aprel aylarında neft hasilatını artırıb

Energetika Materials 19 May 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Yanvar-aprel aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 17,8 milyon barel neft (2,4 milyon tona yaxın) hasil ediblər. 2009-cu ilin yanvar-aprel aylarında bu göstərici 17,6 milyon barelə yaxın (2,39 milyon tona yaxın) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrinin payına 4,3 milyon bareldən çox neft düşür. Bunun 732 mini əməliyyat şirkətlərinin, 3,2 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 416,7 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

Yanvar-aprel aylarında ARDNŞ 2,58 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 2,76 milyard kubmetrə yaxın təşkil edib. Həmin dövrdə ARDNŞ-nin neft-qaz çıxarma idarələri 2,4 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-aprel aylarında ARDNŞ-yə 22,9 milyon kubmetr qaz veriblər.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 1,1 milyard kubmetr səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 1,4 milyard kubmetr təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti