...

"Qazprom" Özbəkistanın Üstyurd yaylasında sənaye qaz axını aşkar edib

Energetika Materials 26 Avqust 2010 19:14 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 26 avqust /Trend, müxbir D.Əzizov/

"Qazprom zarubejnefteqaz" QSC ("Qazprom"un 100 faizlik törəmə müəssisəsi) Özbəkistanın Üstyurd yaylasında (ölkənin qərbi) yerləşən Cel sahəsində axtarış-kəşfiyyat qazması zamanı sənaye qaz axını aşkar edib. Bu barədə şirkətin məlumatında deyilir.

"Qazprom"un mətbuat xidmətinin məlumatına görə, Cel-2 quyusu 2010-cu ildə qazılıb. Geofiziki və süxur materialları əsasında qazma işləri başa çatdıqdan sonra 2390-2658 metr dərinlikdə sınaq üçün dörd obyekt ayrılıb. Bu obyektlərdə ümumi axın sutkada 500 min kubmetr təbii qaza yaxındır.

"Celdə ikinci quyunun uğurla qazılması Üstyurd yaylasında təbii qazın sənaye ehtiyatlarının olduğunu təsdiqlədi. Bu quyu həmçinin yatağın ehtiyatları ilə bağlı bizim proqnoz qiymətləndirmələrimizi artırdı və Şahpaxtı neft-qaz investisiya bloku haqqında təsəvvürlərimizi dəqiqləşdirdi", - məlumatda "Qazprom zarubejnefteqaz"ın Özbəkistandakı nümayəndəliyinin direktor müavini Erkin Mamacanovun sözlərindən sitat gətirilir.

Cel yatağı 2009-cu ilin mayında kəşf edilib. Beşinci obyektin sınağı zamanı Cel-1 quyusundan 2396-2387 metrlik dərinlikdə sutkalık debit 360 min kubmetr olmaqla sənaye qaz axını aşkar edilib. Cəmisi səkkiz obyekt sınaqdan keçirilib, onlardan yalnız üçündə sənaye qaz axını aşkar edilib. Beləliklə, Cel yatağı kəşf edilib.

"Qazprom zarubejnefteqaz" Üstyurd yatağında axtarış-kəşfiyyat işlərini 2006-cı ilin əvvəllərində "Qazprom" ASC və "Özbəkneftqaz" Milli Holdinq Şirkəti arasında imzalanan saziş əsasında aparır.

Sazişlə Özbəkistanın Üstyurd yatağında yeddi investisiya blokunun geoloji öyrənilməsi nəzərdə tutulur. Bloklar sahəsi 38,1 min kvadratmetr ərazini əhatə edir və 1 trilyon kubmetr təbii qaz ehtiyatlarına malikdir.

Saziş 2011-ci ilin sonunadək "Qazprom"un 400 milyon dollar həcmində investisiyalarını nəzərdə tututr. Eləcə də hasilatın pay bölgüsü şərtləri ilə aşkar olunmuş perspekrtiv yataqların işlənməsi Rusiya şirkəti üçün prioritetdir.

Özbəkistan hökumətinin təsdiq etdiyi geoloji kəşfiyyat işləri proqramına görə, "Qazprom" iki il ərzində 4 investisiya blokunda - Aqıin, Aktumsuk, Nasambek və Şahpaxtıda geoloji kəşfiyyat işləri aparacaq.

2011-ci ilin sonlarınadək şirkətin karbohidrogen ehtiyatlarının hesablamasını həyata keçirəcəyi və geoloji kəşfiyyat işlərinin yekunları üzrə hesabatların hazırlanmasını başa çatdırması planlaşdırılır.

"Qazprom" 2004-cü ilin avqustunda Üstyurddakı Şahpaxtı yatağında hasilatın pay bölgüsü şərtləri ilə layihə gücü 500 milyon kubmetr, dəyəri 21 milyon dollar olan təbii qaz hasilatına başlayıb. 2009-cu ildə yataqda qaz hasilatı 268 milyon kubmetr olub, 2010-cu ildə hasilatın 300 milyon kubmetrə çatdırılması planlaşdırılır. İndiyədək toplanmış hasilatın ümumi həcmi 1,5 milyard kubmetrə yaxın təşkil edir.

Xəbər lenti

Xəbər lenti