Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.İsmayılov/
2010-cu ildə Gürcüstanın Supsa Qara dəniz limanından "Azəri-Çıraq-Günəşli" yatağı blokundan hasil olunan 4 milyon ton yüngül Azərbaycan nefti nəql edilib. 2009-cu ildə bu göstərici 4,2 milyon ton təşkil edib. Bu barədə bazar ertəsi Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.
Gürcüstan hökumətinin məlumatına görə, 2008-ci ildə Supsa limanından cəmi 0,6 milyon ton neft nəql edilib. Bakı-Supsa boru kəməri vasitəsilə neft nəqli 2008-ci il noyabrın əvvəllərində bərpa edilib.
Boru kəməri 2006-cı ilin sonunda təmirə dayandırılıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb.
Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.
ARDNŞ 2009-cu ildə Bakı-Supsa boru kəməri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən 2,8 milyon tona yaxın yüngül Azərbaycan nefti ixrac edib. 2008-ci ildə bu göstərici 407,1 min ton olub. Limandan nəql edilən neftin qalan hissəsi xarici şirkətlər konsorsiumu iştirakçılarının payına düşür.
Həmçinin 2010-cu ildə ARDNŞ-nin Kulevi neft terminalı 3,4 milyon ton neft məhsulları qəbul edib. Bu göstərici 2009-cu ilin göstəricisindən 2,1 milyon ton təşkil edib.
Cari ilin iyul ayından terminal "Tengiz" yatağından Qazaxıstan neftinin ötürülməsinə başlayıb. Bu dövrə qədər terminal neft məhsullarının ötürülməsi ilə məşğul olub.
Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.
Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.