...

"Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi ümidvericidir - səfir

Energetika Materials 23 Aprel 2011 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçiriləcəyi təqdirdə, Macarıstan Avropaya qaz tranzitçisinə çevrilə bilər. Bu barədə Trend-ə müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, Macarıstan AGRI layihəsinin həyata keçirilməsində çox maraqlıdır. Texniki-maliyyə məsələlərinin həlli Avropanın enerji təhlükəsizliyinin təminində maraqlı olan Avropa İttifaqının gələcək səylərindən asılı olacaq.

Macarıstan rəsmiləri ilə keçirilən görüşlər göstərdi ki, AGRI layihəsinin bu ölkədə çoxlu tərəfdarı var. Digər enerji layihələri ilə müqayisədə AGRI layihəsi Macarıstan tərəfinə daha perspektivli görünür.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə AGRI layihəsinin TİƏ-nin 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Həmçinin, TİƏ-nin hazırlanması üçün zəruri maliyyələşdirmənin cəlb edilməsinə layihədə iştirak edən şirkətlərə dəstək göstərilməsi zəruriliyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeged) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Bundan əvvəl Rumıniyada AGRI layihəsi çərçivəsində yaradılan birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq.

Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft və Qaz Korporasiyası, ARDNŞ və Macarıstanın MVM şirkətləridir. Birgə müəssisənin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyəti məsələsinə toxunan Quliyev qeyd edib ki, Azərbaycanın sübut edilən qaz ehtiyatları 2 trilyon, potensial isə 5 trilyon kubmetrə yaxındır. Bütün bunlar ona şərait yaradır ki, ölkə əhəmiyyətli qaz ixracatçılarından biri kimi çıxış etsin. Azərbaycanın təbii ehtiyatlarının olması ölkəyə "Nabukko", AGRI və digər layihələrdə iştirak etməyə imkan verir.

"Nabukko" qaz kəmərinin tikintisi 2012-ci ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər isə 2015-ci ildən başlanacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti