Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir N.İsmayılova/
Daşkənddə keçirilən Azərbaycanın ilk milli sərgisində nümayiş olunan "Aznetfmaş" (Neft maşınqayırması) şirkətinin qazma qurğusu özbək şirkətinə satılıb. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Ötən il İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd şəhərində Azərbaycanın İlk Milli Sərgisi uğurla keçirilib. Sərgidə bir sıra Azərbaycan müəssisələrinin məhsulları ilə yanaşı, "Azneftmaş" ASC-nin məhsulları da nümayiş olunub. Sərgidə nümayiş edilməsi üçün müəssisənin istehsal etdiyi "Руслан УП 130/170" qazma qurğusu Daşkənd şəhərinə aparılıb. Sərgi çərçivəsində "Azneftmaş" ASC-nin nümayəndələri bir sıra işgüzar görüşlər keçirmiş və MDB məkanında analoqu olmayan bu qazma qurğusu artıq Özbəkistan neftçilərinə satılıb.
3800 metr dərinlikdə qazma işləri apara bilən qurğu Allison avtomatik transsmissiyası ilə təchiz olunub. Qazma qurğusu vasitəsilə 6800 metr dərinlikdə əsaslı təmir, 8000 metr dərinlikdə isə cari təmir işlərini həyata keçirmək mümkündür. Dizel mühərriki ilə işləyən qurğunun maksimal gücü 500 a.q. (N=364 КVт) təşkil edir. "Руслан УП 130/170" qazma qurğusu 130 ton nominal, 170 ton qısamüddətli yükqaldırma qabiliyyətinə malik olub, vışkasının hündürlüyü 34,6 metrdir.
1999-cu ildən Mingəçevir şəhərində fəaliyyət göstərən "Azneftmaş" ASC əsasən, neft və qaz mədənlərinin istismarında istifadə olunan maşın və avadanlıqlar istehsal edir. "Azneftmaş" ASC Türkmənistan Respublikasının "Türkmənneft", "Türkmənqaz" və "Türkməngeologiya birlikləri ilə sıx əməkdaşlıq edir və bu ölkəyə ildə təqribən 15-20 milyon ABŞ dolları həcmində avadanlıq ixrac edir.