...

Azərbaycanda metanol istehsal edən yeganə zavodun gücü 2012-ci ilin yayında artırılacaq

Energetika Materials 19 Oktyabr 2011 13:03 (UTC +04:00)
Azərbaycanda metanol istehsal edən yeganə zavodda atmosferə atılan karbon qazını tutan qurğu 2012-ci ilin noyabrında işə salınacaq.
Azərbaycanda metanol istehsal edən yeganə zavodun gücü 2012-ci ilin yayında artırılacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda metanol istehsal edən yeganə zavodda atmosferə atılan karbon qazını tutan qurğu 2012-ci ilin noyabrında işə salınacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü "AzMeCo" şirkətinin idarə heyətinin sədri Nizami Piriyev bildirib.

"Bu qurğunun tikintisi üzrə müqavilə bu həftə imzalanacaq. Təxminən yeddi aydan sonra qurğu hazır olacaq və gələn ilin noyabrında istismara veriləcək", - Piriyev deyib.

Onun sözlərinə görə, zavodun tikintisinin 2011-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Daha sonra sazlama-işəsalma işlərinə başlanacaq ki, bu da üç aydan beş ayadək vaxt aparacaq. Metanol istehsalına aprel ayından başlanması planlaşdırılır və zavod 2012-ci ilin iyununda 560 min ton layihə gücünü yığacaq.

Atmosferə atılan karbon qazını tutan qurğunun hesabına ölkədə metanol istehsalının gücü 2012-ci ilin sonlarında ildə 720 min ton təşkil edəcək.

Zavodun tikinti layihəsinin ümumi dəyəri 360 milyon dollardır, bu gün layihənin maliyyələşdirilməsi artıq başa çatıb.

Metanol zavodu Cənubi Qafqazda və Orta Asiyada yeganə zavod olacaq. O, 2012-ci ildə istismara veriləcək.

"AzMeCo" 2007-ci ildə yaradılıb. Şirkət öz portfelinə Xəzər hövzəsindəki beynəlxalq karbohidrogen layihələrinin əlavə edilməsi ilə Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun baş planını hazırlayıb.

Xəbər lenti

Xəbər lenti