...

"Ekol" QSC bəzi dəniz yataqlarında ekoloji ekspedisiyanı başa çatdırıb

Energetika Materials 21 Oktyabr 2011 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC "Qum-Dəniz" və "Bahar" (Bahar-1, Bahar-2) yataqlarının yerləşdiyi layihə sahəsində və ətraf ərazilərdə ilkin ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə dəniz ekspedisiyasını başa çatdırıb. Bu barədə təşkilatın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

İşlər "Bahar Energy Operating Conpani Limited" şirkəti ilə bağlanmış müqaviləyə əsasən həyata keçirilib. Müqavilə ilkin ekoloji vəziyyətin qiymətləndirilməsi, ətraf mühitə təsir və ekoloji normativ-texniki sənədlərin hazırlanmasını nəzərdə tutur.

Ekspedisiya müddətində Ekoloji Monitorinq Departamentinin tədqiqat qrupu "Bahar Energy Operating Conpani Limited" şirkəti tərəfindən işlənməsi nəzərdə tutulan "Qum-Dəniz", "Bahar-1", "Bahar-2" dəniz yataqlarında əvvəlcədən müəyyənləşdirilmiş 55 dəniz stansiyasında geniş miqyaslı kompleks ekoloji monitorinq işləri həyata keçirib.

Monitorinq tədqiqatları zamanı dəniz yataqlarında müəyyən edilmiş stansiyalardan ümumilikdə 385 su, bentos, zooplankton, fitoplankton və dib çöküntüləri nümunələri götürülərək, ilkin ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədi ilə Ekoloji Monitorinq Departamentinin Kompleks tədqiqatlar laboratoriyasına təqdim edilib.

2009-cu ilin dekabrında ARDNŞ ilə "Bahar Energy Operating Conpani Limited" şirkəti arasında müqavilə bağlanıb. Müqavilə "Qum-Dəniz" və "Bahar"dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatı, reabilitasiyasını və hasilatı nəzərdə tutur.

Bu müqavilənin ikinci hissəsi "Bahar-2" strukturunda kəşfiyyat işlərini nəzərdə tutur. Üç il ərzində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Zərurət yaranarsa, onda dördüncü il daha bir quyu qazıla bilər. İlkin hesablamalara görə, "Bahar Energy Limited" şirkəti müqavilə üzrə işlərin reallaşdırılmasına bir milyard dollar həcmində investisiya qoyacaq.

Xəbər lenti

Xəbər lenti