Azərbaycan, Bakı, 3 fevral /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2009-cu ildən Ukrayna iqtisadiyyatına 85 milyon dollardan artıq investisiya yatırıb. Bu barədə cümə axşamı Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş "dəyirmi masa" çərçivəsində Ukraynanın xarici işlər nazirinin müavini Pavel Klimkin bildirib.
Onun sözlərinə görə, ölkənin müxtəlif regionlarında artıq ARDNŞ-nin yanacaqdoldurma məntəqələri açılıb, bu il onların sayının 70-dək artırılması planlaşdırılır.
"2011-ci ilin yanvar-noyabrında ikitərəfli ticarətin həcmi 1,3 milyard dollardan çox olub. Güman edirik ki, ilin yekunları üzrə onların sayı 1,4 milyard dolalr təşkil edəcək", - Klimkin deyib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycanın tikinti bazarına çıxmaq fikrindədir. Aparıcı Ukrayna şirkətləri hazırda Azərbaycan hökumətinin reallaşdırdığı iri layihələrin həyata keçirilməsində iştirak etməklə bağlı danışıqlar aparırlar.
Xüsusilə, söhbət Bakı Metropoliteninin yeni stansiyalarının tikintisindən, Azərbaycan paytaxtında kollektor sisteminin modernləşdirilməsindən, yeni idman və digər infrastruktur obyektlərin tikintisindən gedir.