...

ARDNŞ Azərbaycan və Türkiyədə kimya sənayesini inkişaf etdirir

Energetika Materials 11 Aprel 2012 19:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlər Neft Şirkəti (ARDNŞ) 2014-cü ildə Sumqayıt şəhərində karbamid istehsalı zavodunun tikintisini başa çatdırmağı planlaşdırır.
ARDNŞ Azərbaycan və Türkiyədə kimya sənayesini inkişaf etdirir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbirlər E.İsmayılov, A.Bədəlova/

Azərbaycan Respublikası Dövlər Neft Şirkəti (ARDNŞ) 2014-cü ildə Sumqayıt şəhərində karbamid istehsalı zavodunun tikintisini başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanda Neft-Qaz emalı və Neft-Kimya məhsullarının istehsalı üzrə yeni Kompleksin (NQNK) tikintisinə həsr edilmiş forumda ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin (İB) rəhbəri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, yeni zavodun tikintisi üzrə genişmiqyaslı işlərin bu il ərzində aparılması planlaşdırılır.

"Zavodun istehsal edəcəyi məhsul həm Azərbaycanın kənd təsərrüfatı sektorunun daxili tələbatlarının ödənilməsinə, həm də ixracata yönələcək", - Babayev qeyd edib.

Onun sözlərinə görə, həmçinin hazırda "Azərikimya" istehsal prosesinin optimallaşdırılması üzrə işlər aparır. Xüsusən İB yüksəktəzyiqli polipropilen və polietilen istehsalının inkişafı üzrə planlara malikdir.

Həmçinin, Sumqayıtda kimya sənaye şəhərciyinin yaradılması planlaşdırılır. Burada ölkədə kimya məhsullarının son növlərinin istehsalını təmin edən kiçik müəssisələr olacaq. Bu məhsulların böyük hissəsi hazırda ixrac edilir.

Babayev deyib ki, yeni kompleksin tam istismara veriləcəyi tarixə - 2020-ci ilədək İB istehsal prosesinin optimallaşdırılması və ölkədə bütün zəruri istehsal həcmlərinin təmin edilməsi üzrə işlər aparacaq.

Forumda "Petkim" neft-kimya kompleksinin baş meneceri Həyati Öztürk bildirib ki, Azərbaycan karbohidrogen resursları ilə neft-kimya məhsullarının istehsalı mərkəzlərindən biri ola bilər. Məhz buna görə də ölkə investisiya qoyuluşu baxımından çox cəlbedicidir.

Azərbaycanda kimya istehsalının inkişafı ilə yanaşı, ARDNŞ "Petkim"in sahiblərindən biri olmaqla Türkiyənin neft-kimya bazarında fəal iştirak edir. Öztürkün sözlərinə görə, xüsusən, "Petkim"in daxili bazarda payını artırmaq və xammalın idxaldan asılılığını azaltmaq üçün Türkiyədə yeni STAR neft emalı zavodunun yaradılması çərçivəsində işlər aparılır.

"Öz növbəsində, "Petkim"in yerləşdiyi ərazidə liman, logistika və enerji istehsalının inkişafı həm Türkiyədə, həm də dünya bazarında kompleksin mövqelərini möhkəmləndirməyə imkan verəcək", - Öztürk deyib.

Onun sözlərinə görə, hazırda "Petkim" ticarət, logistika, tədris və texniki sahədə "Azərikimya" ilə fəal əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq iki qardaş ölkədə kimya məhsulları istehsalçıları arasında qarşılıqlı və yüksəksəviyyəli münasibətləri daha da möhkəmləndirir.

"STAR Refinery A.S"-in icraçı direktoru Robert Stori forumda deyib ki, yeni NEZ-in tikintisi üzrə layihənin həyata keçirilməsində əsas məqsəd "Petkim"i bazarda daha rəqabət qabiliyyətli etməkdir.

Storinin sözlərinə görə, "Petkim" ilə inteqrasiya bu layihənin reallaşdırılması çərçivəsində işlərin vacib hissəsidir.

Xəbər lenti

Xəbər lenti