...

Dünyada metanol zavodlarının sayı artmaqdadır

Energetika Materials 16 İyul 2012 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Dünya iqtisadiyyatının metanola - bir çox alimlərin müasir bəşəriyyətin hakim yanacaq növlərinə alternativ kimi gördükləri bir məhsula olan tələbatı ildən-ilə artır. Metanol rəngsiz maye olub etil spirtinə xas yüngül iyə malikdir. Metanolu müxtəlif üsullarla əldə etmək mümkün olsa da o, əsasən təbii qazdan hasil olunur.

Metanol ekoloji cəhətdən təmiz yanacaq hesab edilir. Onu daşımaq asandır və o, ənənəvi benzindən daha az alışqandır. Metanoldan əldə olunan DME, M15 və M85 kimi müxtəlif növ nəqliyyat yanacağı planetin ekologiyası üçün zərərli olan zəhərli tullantıları xeyli dərəcədə azaltmağa imkan verir. Bundan başqa, metanol zəmanənin texnoloji yeniliyi olan yanacaq elementləri üçün getdikcə daha geniş şəkildə istifadə olunur. Bu gün metanolla işləyən yanacaq elementləri çoxlu sayda portativ və mobil qurğuların elektriklə təmin olunması üçün zərərli tullantılarsız elektrik enerjisinin alınmasına imkan yaradır.

Bu üstünlükləri nəzərə alaraq, dünya iqtisadiyyatının metanola olan tələbatı nəhəng templərlə artmaqdadır. Hazırda aparıcı qlobal şirkətlər yeni metanol zavodlarının tikintisi üzrə proqramları inkişaf etdirirlər. Belə ki, bu yaxınlarda Sonatrach və Total şirkətləri xəbər vermişlər ki, 5 milyard dollar dəyərində yeni metanol zavodunun inşası haqda müqavilə imzalamağa hazırlaşırlar. Bundan bir qədər əvvəl isə, kimyəvi maddələr istehsalçısı olan Celanese korporasiyası bildirmişdir ki, Amerika Birləşmiş Ştatlarında olan iri təbii qaz ehtiyatları Texasda yeni metanol istehsalı zavodu inşa etməyə əlverişli şərait yaradır.

Bu yaxınlarda bir qrup alman alimi aşkar edib ki, metanol istixana effekti verən karbon qazı tullantılarını azaltmağa kömək etməklə planetin ekologiyasını xilas edə bilər. Qeyd etmək lazımdır ki, metanol istehsalı atmosferə zərərli tullantılar olmadığına görə neft-kimya sənayesində ekoloji nöqteyi-nəzərdən ən təmiz sənaye istehsalı hesab olunur.

....................................................................................................... ..................................................................................

Xəbər lenti

Xəbər lenti