...

Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra məhsul istehsalına başlanılıb

Energetika Materials 16 Oktyabr 2012 17:08 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırıldıqdan sonra məhsul istehsalına başlanılıb.
Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra məhsul istehsalına başlanılıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırıldıqdan sonra məhsul istehsalına başlanılıb.

İB-dən Trend-ə verilən məlumata görə, müəssisənin ilkin emal istehsalatı olan "EP-300" qurğusunun piroliz sobalarının, sexlərdəki rektifikasiya kalonlarının, turbokompressorların, istilikdəyişdiricilərin, susoyutma kompleksinin və s. keyfiyyətli təmiri nəticəsində bütün texnoloji kompleksin sınaq-sazlama işləri və buraxılış prosesləri uğurla başa çatıb.

Birliyin və müəssisənin aparıcı mütəxəsislərinin, Təmir-tikinti və Nəqliyyat və xüsusi texnika idarələrinin təmirçilərinin, həmçinin müasir texnikanın cəlb olunduğu əsaslı təmir zamanı qurğu və avadanlıqlarda bir sıra mühüm texniki yeniliklərin və texnologiyaların tətbiqinə nail olunub. Hələ 25 il əvvəl - 1987-ci ildə istismara verilmiş "EP-300" istehsalatının mühüm aqreqatlarından olan turbokompressorların təmiri isə ilk dəfə olaraq Çexiyadan olan istehsalçı müəssisənin - "Siemens" S.R.O. firmasının bu sahə üzrə ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılıb.

Birlikdə əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının son dövrlərdə daha ciddi şəkildə tətbiq edilməsinin davamı olaraq kimyaçıların əməyin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə də mühüm işlər görülüb, təhlükə riskləri olan bütün xidmət meydançaları və pilləkənlər, digər metallokonstruksiyalar bütünlüklə yeniləri, daha etibarlıları ilə əvəz olunub.

Müəssisənin həm "EP-300", həm də paralel olaraq əsas kimyəvi məhsul olan polietilenin istehsal edildiyi "Polimir-120" komplekslərinin geniş miqyasda və keyfiyyətli, daha etibarlı təmirinin nəticəsi olaraq artıq etilenin və polietilenin, həmçinin digər kimyəvi məhsulların fasiləsiz istehsalına, sifarişçilərə göndərmək üçün onların ilk böyük həcmli partiyalarının alınmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti