...

Milli Neft Məlumat Bankları üzrə növbəti konfrans Bakıda keçiriləcək

Energetika Materials 29 Oktyabr 2012 16:48 (UTC +04:00)
Oktyabrın 21-dən 25-dək Malayziyanın paytaxtı Kuala Lumpurda Milli Neft Məlumat Bankları üzrə konfrans keçirilib.
Milli Neft Məlumat Bankları üzrə növbəti konfrans Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 21-dən 25-dək Malayziyanın paytaxtı Kuala Lumpurda Milli Neft Məlumat Bankları üzrə konfrans keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ənənəvi olaraq keçirilən bu nüfuzlu konfransın məqsədi neft məlumat bankına malik olan və ya onu yaratmağı planlaşdıran ölkələr arasında təcrübə mübadiləsinin aparılması, neft-qaz sahəsində məlumat bazalarının yaradılması ilə bağlı standartların işlənib hazırlanmasıdır. 35 ölkədən 180 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan bu beynəlxalq forumda ikinci dəfədir iştirak edir. Konfransda ARDNŞ-nin korporativ məlumat bazası, informasiya texnologiyaları və rabitə departamentinin rəisi Aliyə Hüseynova şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nəzdində ODLAR korporativ məlumat bazasının yaradılması ilə bağlı ikiillik təcrübəni əks etdirən hesabatla çıxış edərək, əldə olunan uğurlar, ilkin mərhələdə qarşıya çıxan çətinliklərin dəf olunması və gələcək planlar haqqında geniş məlumat verib. Konfrans iştirakçıları Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi hesabatı mütərəqqi hesabatlardan biri kimi qiymətləndirib və ölkəmizdə Milli Neft Məlumat Bankının yaradılması sahəsində başlanılmış işləri təqdir ediblər. Azərbaycanın postsovet ölkələri arasında Milli Neft Məlumat Bankı sahəsində təcrübəsini bölüşən ilk ölkə olduğu vurğulanıb. Konfransda, həmçinin neft məlumat bankının yaradılmasına dair bir sıra işçi sənədlər və standartlar qəbul edilib.

Konfransın ikinci günü Azərbaycan üçün daha əlamətdar olub. 2014-cü ildə keçiriləcək növbəti konfransın yeri haqqında müxtəlif təkliflərin verilməsinə baxmayaraq, müzakirələr nəticəsində tədbirin Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul olunub. ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tərəfindən növbəti konfransın Bakıda keçirilməsi ilə bağlı irəli sürülmüş bir sıra təkliflər maraqla qarşılanıb.

Bakıda keçiriləcək konfransda 40-45 ölkədən 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransa hazırlıq işlərinin ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən aparılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti