Azərbaycan, Bakı, 8 noyabr /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin gənclərindən və Sumqayıt ictimaiyyəti nümayəndələrindən ibarət böyük bir qrup bu gün ölkəmizin Dövlət bayrağının və dövlətçiliyimizin tarixi ilə daha yaxından tanış olmaq məqsədilə Dövlət Bayrağı Meydanı Kompleksində ekskursiyada olublar.
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın dövlətçilik rəmzlərindən biri olan Azərbaycan bayrağının şərəfinə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə paytaxtımızda yaradılan Bayraq Meydanında əzəmətlə ucalan, qürur mənbəyi, ucalıq və qələbə rəmzi olan, dünyada ən yüksək hündürlüyə malik üçrəngli Dövlət bayrağını ziyarət və Bayraq Meydanı Kompleksi ilə yaxından tanışlıq "Azərikimya"nın gənclərində böyük maraq doğurub.
Bayraq Meydanındakı Dövlət Bayrağı Мuzeyində tədbir iştirakçılarına Azərbaycan bayrağının hələ ötən əsrlərdən başlayan qədim tarixindən, onun müqəddəs amallar uğrunda mübarizə və döyüşlərdən qələbələrlə çıxarılıb qorunmasından, hərbi-döyüş bayraqlarından, həmçinin Səfəvilərin muzeydə nümayiş olunan dövlət bayrağından, Azərbaycan dövlətçiliyinin əsaslarının qoyulmasında böyük xidmətləri olmuş Şаh İsmayıl Xətainin şəxsi bayrağı və s. haqqında ətraflı məlumat verilib.
Kimyaçılar və Sumqayıt ictimaiyyətinin nümayəndələri Bayraq Meydanındakı Dövlət gerbi, ölkəmizin muzeydə nümayiş etdirilən Dövlət himninin mətni, Azərbaycanın xəritəsi, həmçinin muzeyin digər qiymətli eksponatları, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq yaradılmış müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qorunub-saxlanmış üçrəngli bayrağı, ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm tədbirlər həyata keçirmiş ulu öndər Heydər Əliyevin bugünkü Azərbaycanın suveren bir dövlət kimi formalaşması və inkişafında xidmətlərini, dövlətçiliyimizin tarixini əks etdirən müxtəlif foto-sənədlər, videosüjetlər və digər materiallarla tanış olublar.
"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin də iştirak etdiyi, gənclərin Vətənə məhəbbət və sədaqət duyğularının daha da güclənməsində mühüm rol oynayan tədbirin sonunda sumqayıtlılar Azərbaycanın Dövlət bayrağı fonunda xatirə şəkli çəkdirib, bu mühüm ekskursiyadan xoş təəssüratla qayıdıblar.